Azərbaycanın ilk telekommunikasiya peyki olan Azerspace-1 ən geci 2013-cü ilin mart ayına qədər orbitə buyraxılması planlaşdırılır.
Bu barədə çərşənbə axşamı rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə deyib.
“Peyki orbitə çıxaracaq Fransanın“Arian” şirkəti artıq rəsmi olaraq öhdəliklərini təsdiqləyib. Öhdəliklərə görə, peykin orbitə çıxarılması 2012-ci ilin dekabr ayına planlaşdırılıb, lakin şirkət peykin buraxılması üçün alternativ müddət də (23 yanvar – 23 fevral ) nəzərdə tutub. Bu müddət müxtəlif hava şəraiti ilə əlaqədardır” – deyə, Ə.Abbasov qeyd edib.
Nazir əlavə edib ki, noyabr ayında peyk Kuru Kosmodromuna çatdırılacaq.
Ə.Abbasov söyləyib ki, cari ilin avqus ayında Naxçıvanda yerüstü ehtiyat idarəetmə stansiyasının inşası və quraşdırılması başa çatacaq, dekabrda yerüstü peykin idarəetmə sistemi istifadəyə veriləcək,
Xəbər verildiyi kimi, 2012-ci ilin dördüncü rübündə Kuru Kosmodromunda (Cənubi Amerikanın şimal-şərqində, Fransa Qvineyasında) Azərbaycanın ilk kommunikasiya peyki Azerspace-1kosmosa buraxılacaq.
2010-cu ilin may ayında RİTN Amerikanın Orbital Sciences Corporation şirkəti ilə peyk istehsalı üzrə müqavilə imzalayıb.Həmçinin, Azərbaycan Malayziyanın “MEASAT” şirkəti ilə onun orbital mövqeyinin Azerspace-1 peyki üçün istifadəsi haqqında uzunmüddətli icarə sazişi imzalayıb.
Peykin 5-7 il ərzində xərclərini çıxardacağı, sonrakı 15 il istismar müddətində xalis mənfəət gətirəcəyi ehtimal olunur.
RİTN mütəxəssislərinin fikrincə, milli peykimizin mövcudluğu keyfiyyətli və etibarlı rabitə, teleyayım yaratmağa, kanalların sayını artırmağa imkan verəcək. Azerspace-1 peykinin Avropa ərazisini əhatə edəcəyi təqdirdə Azərvbaycan Avropa və Asiya kanallarının yayımında tranzit olkə kimi çıxış edə bilər. Azərbaycan öz rabitə peykinin imkanlarının 15-20%-dən istifadə etmək niyyətindədir, resursların qalan 80% -i beynəlxalq bazara çıxarılacaq.