Azərbaycan və İran arasında əlaqələrin inkişafı iki ölkənin və xalqların rifahına xidmət edir. Bu barədə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami ilə görüş zamanı bəyan edib.
Naxçıvan MR-nın başçısı İranın buradakı baş konsulluğunun MR ilə İranın sərhədyanı vilayətləri ilə əlaqələrin möhkəmlənməsində xidmətlərini qeyd edib. O, ikitərəfli münasibətlərin gələcəkdə də dostluq və qardaşlıq ruhunda inkişaf edəcəyinə əminliyini ifadə edib. Ali Məclisin sədri M.Bəhramini Azərbaycanda diplomatik fəaliyyətinin uğurla başa çatması münasibətilə təbrik edib, iki ölkənin münasibətlərinin inkişafında xidmətlərini qeyd edib.
M.Bəhrami öz növbəsində bu əlaqələrin gələcəkdə inkişafı üçün səy göstərməkdə davam edəcəyini bəyan edib.
Tərəflər həmçinin qarşılıqlı maraq kəsb edən məsələlər dair fikir mübadiləsi aparıb.
Görüşdə İranın Naxçıvandakı baş konsulu Məhəmmədtağı Məhəmmədəli iştirak edib.