Azərbaycan Hökuməti BMT-nin narkotiklərlə mübarizə üzrə yeni konvensiyasının hazırlanması və qəbul edilməsi təşəbbüsü ilə çıxış etməyi planlaşdırır.Bu barədə BMT-nin Cənubi Qafqazda narkotiklərə nəzarət Proqramının(SKAD) ölkə üzrə rəhbəri Məzahir Əfəndiyev məlumat verib.
“ Azərbaycanda BMT-nin narkotiklərlə mübarizə üzrə yeni konvensiyasının hazırlanması məqsədi ilə tanınmış hüquqşünaslardan ibarət işçi qrup yaradılacaq”, -deyə M.Əfəndiyev çərşənbə günü jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, hazırda BMT-nin narkotiklərlə bağlı məsələləri tənzimləyən üç konvesiyası mövcuddur, lakin bu sənədlərin təkmilləşməsinə ehtiyac duyulur.”Biz hesab edirik ki, bu konvensiyalar yenilənməli və təkmilləşdirilməlidir.Məhz buna görə, Azərbaycan Hökuməti yaxın vaxtlarda bu sahədə konvensiyaların birləşdirilməsi və yenilənməsi təşəbbüsü ilə çıxış edəcək”,- deyə M.Əfəndiyev söyləyib.
Ekspert hesab edir ki, sonrakı illərdə BMT-nin yeni konvensiyasının mətninin hazırlanması məqsədi ilə beynəlxalq hüquqşünaslardan ibarət işçi qrup yaradılacaq.”Yəqin ki, gələn il Azərbaycanda hüquşünasların beynəlxalq forumu keçiriləcək.Hesab edirik ki, bu forumda Bakı konvensiyası hazırlanacaq və digər ölkələrə ratifikasiya edilmək üçün təqdim olunacaq”,- deyə M.Əfəndiyev əlavə edib.