Baş Prokurorluq Heydər Əliyev Mərkəzində baş verən yanğın faktı ilə əlaqədar cinayət işi açıb.
Baş Prokurorluğun mətbuat xidmətindən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə (yanğın təhlükəsizliyi qaydalarının pozulması) Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi başlanıb.
Bundan başqa, Baş Prokurorluq istintaq-əməliyyat qrupu yaradıb. Bunun tərkibinə Fövqəladə Hallar Nazirliyinin Yanğınların təhqiqatı və sınaq laboratoriyasının mütəxəssisləri, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri və digər hüquq mühafizə orqanlarının təcrübəli əməkdaşları daxil ediliblər.
Baş Prokurorluqda dəqiqləşdirilib ki, cümə günü saat 11.30 radələrində Fövqəladə Hallar Nazirliyinə Heydər Əliyev Mərkəzinin tavanında yanğın hadisəsinin baş verməsi haqqında məlumat daxil olub. Yanğın hadisəsinin qarşısının alınması məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti və maşın, mexanizm, helikopterləri cəlb edilib. Yanğının genişlənməsinə və binanın içəri hissəsinə keçməsinə imkan verilməyib. Bununla əlaqədar, binanın içərisinə, zallarına və digər yerlərinə heç bir zərər dəyməyib.
Yanğınsöndürənlərdən və mərkəzin texniki işçilərindən xəsarət alan olmayıb.