İyulun 23-də xarici işlər naziri Elmar Məmmədyarov Latin Amerikası ölkələrinə rəsmi turneyə çıxır.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin cümə günü jurnalistlərə verdiyi məlumata görə, E.Məmmədyarov turne çərçivəsində Kolumbiya, Argentina, Uruqvay və Peruya səfər edəcək.
E.Abdullayevin sözlərinə görə, nazirin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo), həmçinin Azərbaycanın işğüzar dairələrinin nümayəndələri daxildir.
Turne çərçivəsində XİN başçısının xarici həmkarları, ölkə rəhbərləri ilə ikitərəfli görüşləri planlaşdırılır.
Turne zamanı Azərbaycandan olan nümayəndə heyəti Latın Amerikası ölkələrində keçiriləcək ikitərəfli biznes-forumlarda iştirak edəcək. “Son zamanlar Azərbaycan və bəzi Latın Amerikası ölkələri arasında münasibətlər fəal inkişaf edir. Biz dünyanın bu regionu ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət veririk”, - deyə E.Abdullayev bildirib.
E.Abdullayev əlavə edib ki, XİN başçısı Fransaya rəsmi səfər edəcək. Bu səfər çərçivəsində iki ölkənin XİN başçıları ikitərəfli əməkdaşlıq, regional problemlər və BMT Təhlükəsizlik Şurasında qarşılıqlı əlaqə məsələlərini müzakirə edəcəklər.