Ötən həftə Azərbaycanın yollarında baş vermiş 78 yol-nəqliyyat hadisəsində 29 nəfər həlak olub, daha 132 nəfər xəsarət alıb. Bu barədə bazar ertəsi "İnterfaks-Azərbaycan" agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Ən iri yol-nəqliyyat hadisələrindən biri Ağdaş rayonunda baş verib. "VAZ-21074" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər həlak olub, daha üç nəfər xəstəxanaya çatdırılıb. Yevlax rayonunda "Opel" və "VAZ-2107" markalı avtomobillərin toqquşması bir nəfərin ölümü, beş nəfərin xəsarət alması ilə nəticələnib. Astara rayonunda "Qazel" və "VAZ-2107" markalı avtomobillərin toqquşması bir nəfərin ölümünə, dörd nəfərin yaralanmasına səbəb olub. Oğuz rayonunda "VAZ-2106" və "Chevrolet" markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər həlak olub, üç nəfər xəsarət alıb. Ucar rayonunda "VAZ-2107" və "VAZ-21011" markalı avtomobillərin toqquşması nəticəsində yeddi nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.