Azərbaycan və Kolumbiya arasında ticarət, kənd təsərrüfatı və energetika sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün geniş potensial var. Bu barədə Kolumbiyanın xarici işlər naziri Maria Angela Holguin Cuellar azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdə bəyan edib.
Azərbaycan XİN-in mətbuat xidmətindən verilən məlumata görə, çərşənbə axşamı keçirilən görüşdə M.Holguin qeyd edib ki, ötən ilin oktyabr ayında Kolumbiya ticarət missiyası Azərbaycana səfərdən çox yaxşı nəticələrlə qayıdıb. Onun sözlərinə görə, iki ölkə arasında siyasi münasibətlərin yaxşı səviyyədə olması digər sahələrdə əməkdaşlıq üçün də yaxşı zəmin yaradacaq.
E. Məmmədyarov Azərbaycanın Kolumbiya da daxil olmaqla Latın Amerikası ölkələri ilə əlaqələrin gücləndirilməsində maraqlı olduğunu söyləyib. Azərbaycan prezidentinin Kolumbiya prezidentinə ünvanladığı məktubu həmkarına təqdim edən nazir, Azərbaycan prezidentinin Kolumbiya prezidentini ölkəyə rəsmi səfərə dəvət etdiyini diqqətə çatdırıb.
O, iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsini, o cümlədən ikiqat vergitutmanın aradan qaldırılması və investisiyaların qarşılıqlı təşviqi və qorunması sahəsində sazişlərin imzalanmasının vacibliyini vurğulayıb.
Görüşdə nazirlər Ermənistan-Azərbaycan münaqişəsinin həlli yolları, BMT TŞ çərçivəsində əməkdaşlıq imkanları, həmçinin humanitar, təhsil və idman sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi yollarını müzakirə ediblər.