Türkiyənin “ALKE Müh. İnş. San” şirkəti Ağdaş şəhərində su təchizatı və kanalizasiya şəbəkələrini yenidən qurur. Bu barədə “Azərsu” Səhmdar Cəmiyyətindən məlumat verilib.
Türkiyənin “ALKE Müh. İnş. San” şirkəti müvafiq beynəlxalq tenderin qalibi olub.
Layihə çərçivəsində şirkət Ağdaş şəhərini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün hər birinin dərinliyi 140 metr olan 2 subartezian quyusu qazmalıdır. Bundan başqa, layihə tutumu 2 min kubmetr olan 2 su anbarının tikintisi də nəzərdə tutur.
Layihə çərçivəsində Ağdaş şəhərində 134 kilometr uzunluğunda şəhərdaxili su xətləri çəkiləcək, 7,6 min abunəçi su sayğacı ilə təmin ediləcək. Bununla paralel olaraq 121 kilometruzunluğunda çirkab su şəbəkəsi çəkilərək 5250 ünvanda birləşdirmə aparılacaq.
Ağdaş şəhərində su təchizatı və kanalizasiya şəbəkələrinin yenidən qurulması işləri Asiya İnkişaf Bankının (AİB) krediti hesabına aparılacaq.
Xəbər verildiyi kimi, tenderin şərtlərinə əsasən, Ağdaş şəhərində bütün işlər 548 gün ərzində yerinə yetirilməlidir.
2011-ci ilin sonunda AİB Azərbaycanın regionlarında su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması üçün $300 mln. məbləğində kredit verilməsinin təsdiq edib. Bu AİB-in Azərbaycan üçün təsdiq etdiyi su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılmasına $600 mln. həcmində çoxtranşlı maliyyələşdirmə çərçivəsində ikinci tranşdır. İkinci tranşın vəsaitləri ilk növbədə, Ağdaş, Göyçay və Naxçıvanda su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması çərçivəsində görülən işlərin başa çatdırılmasına yönəldiləcək. Qalan vəsait hesabına layihənin Beyləqanda da həyata keçirilməsi nəzərdə tutulur.
Xəbər verildiyi kimi, AİB-in Direktorlar Şurası 2009-cu il sentyabrın 23-də su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması üçün Azərbaycana $600 mln. məbləğində çoxtranşlı maliyyə vəsaitinin ayrılmasını təsdiq edib. Azərbaycan höküməti səkkiz illik investisiya proqramı çərçivəsində bu məqsədlərə $200 mln. ayırmağı planlaşdırır. Bununla yanaşı, bankın kreditinin birinci tranşı $75 mln. təşkil edib.
2004-cü ildə AİB üç şəhərin – Naxçıvan, Ağdaş və Göyçayın su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması məqsədi ilə Azərbaycana $30 mln. həcmində kredit ayırıb.