Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun “Azərbaycan və Avropa: orta əsrlərdə diplomatik əlaqələr (Ağqoyunlu və Səfəvi dövlətləri dövrü)” kitabı nəşr edilib. Bu barədə “İnterfaksAzərbaycan”agentliyinə AMEA Rəyasət Heyətindən məlumat verilib.
Rus və ingilis dillərində buraxılan kitab Ağqoyunlular və Səfəvilər dövrünü əks etdirir
Altı fəsildən ibarət olan bu kitabda Ağqoyunlu və Səfəvi dövlətlərinin Avropa dövlətləri ilə əlaqələrinin öyrənilməsinin elmi əhəmiyyəti, Azərbaycanın Avropa ölkələri ilə əlaqələrinin yaranmasının tarixi səbəbləri, bu əlaqələrdə iqtisadi və xarici siyasi amillərin rolu, XV əsrin ikinci yarısı – XVII əsrin əvvəllərində Azərbaycan – Avropa münasibətləri, beynəlxalq əlaqələri və digər məsələlər öz əksini tapıb.
Kitaba Azərbaycanın o dövr üçün tarixi dövlətlərin sərhədlərini göstərən səkkiz coğrafi xəritə daxildir. Xüsusilə, Nadir şah Əfşarın, Səfəvi hökmdarı I Şah Abbasın dövründə ölkənin sərhədləri göstərilmiş və bu görkəmli tarixi şəxsiyyətlərin Azərbaycan hökmdarları olduğu sübut olunub.
Azərbaycan tarixi ilə maraqlananlar kitabda XV əsrin, həmçinin Qaraqoyunlu dövləti (1410-1468), Ağqoyunlu dövləti (1468-1501), I Şah İsmayılın hakimiyyəti dövrü (Səfəvilər dövləti (1501-1524), ), I Şah Təhmasibin hakimiyyəti dövrü (1524-1576), I şah Abbas və onun xələflərinin hakimiyyəti dövrü, (1587-1736), Azərbaycan hökmdarı Nadir şah Əfşarın imperiyası (1736-1747) dövrlərinə aid XV- ХV111 əsrlərin xəritələrini tapa bilər.
Kitabda Azərbaycan Respublikasının ermənilər tərəfindən işğal edilən Qarabağdakı rayonların əraziləri əks olunmaqla müasir xəritəsi verilib.