Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti dövlət büdcəsindən 6 mln. 409 min.132,69 manat məbləğində vergi gizlədilməsi faktını aşkarlayıb.Bu barədə Vergilər Nazirliyinin rəsmi saytinda məlumat verilir.
Nazirliyin məlumatına əsasən, Lənkəran rayon sakini, “Elkontex”, “Elnur-X” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin və “Sərdar LTD” İstehsalat Kommersiya Şirkətinin direktoru Cahangirov Elnur Əhmədağa oğlunun vergi orqanlarına təqdim etdiyi bəyannamələrə gəlirlər və xərclər barədə ə təhrif olunmuş məlumatlar daxil etməklə və bəyannamə təqdim etməməklə 6 mln. 409 min 132,69 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırdığını aşkar edilib.
Xüsusilə, Elnur Cahangirov “Sərdar LTD” İstehsalat Kommersiya Şirkətinin direktoru işləyərkən ümumi hesabla 3 mln. 311 min 165.71 manat, “Elkontex” MMC-nin direktoru vəzifəsində işləyərkən 1 mln. 612 min 418,22 manat məbləğində əlavə dəyər vergisini, “Elnur-X” MMC-nin direktoru kimi isə 1 mln. 485 min 548,76 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. “Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində istintaqdan gizlənən Elnur Cahangirov saxlanılıb və təqsirini etriraf edib. İstintaq başa çatdığına görə, E.Cahangirovun işi ilə bağlı materiallar məhkəməyə göndərilib”,- deyə məlumatda bildirilir.
Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti 2000-ci il mayın 29-da yaradılıb.Departament 2000-ci il avqustun 30-da fəaliyyətə başlayıb.