Qəbələdə dahi bəstəkar Fikrət Əmirovun 90 illik yubileyi ilə bağlı Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
Heydər Əliyev Fondunun təşkil etdiyi Qəbələ IV Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən tədbirdə SSRİ və Azərbaycanın Xalq Artisti, Dövlət mükafatı laureatı, bəstəkar F.Əmirovun həyat və yaradıcılığından danışılıb, onun milli musiqimizin inkişafındakı xidmətləri qeyd edilib.
Tədbirdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında bəstəkarın əsərləri səsləndirilib.
Bundan başqa, Qəbələdə Azərbaycan və Rusiyanın gənc musiqiçilərinin iştirakı ilə kamera musiqisi axşamı keçirilib.
Konsertdə görkəmli Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən parçalar səsləndirilib.
Səidə Tağızadə, Ümidə Abbasova, Riad Məmmədov, Georgi Mansurov, Aleksey Miltıx, Anastasya Şapoval və Anna Nikitinanın iştirakı ilə M.Bruxun, A.Piazollanın, B.Bartokun və M.Mirzəyevin əsərləri ifa olunub.