Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun hazırladığı “Qacarlar dövrünün titulları” adlı kitab çapdan çıxıb. Bu barədə “İnterfaks -Azərbaycan” agentliyinə institutun baş elmi işçisi, kitabın müəllifi Tahirə Həsənzadə məlumat verib.
Onun sözlərinə görə, XVIII-XIX əsrlərdə Azərbaycan tarixində bir çox dövlət xadimləri iz qoyublar, lakin onlar Azərbaycanda az tanınırlar.
“Biz onların haqqında əsasən, xarici elmi ədəbiyyatlardan fars və ya digər dillərdə məlumat alırıq. Kitab bu boşluğu doldurmağa və araşdırmaçıların xalqımızın o dövrün görkəmli şəxsiyyətlərini tanımasına imkan yaradacaq”,- deyə T.Həsənzadə söyləyib.
Alim qeyd edib ki, kitabın ayrı -ayrı bölmələrində Əfşarlar və Qacarlar dövrünün türk mənşəli azərbaycanlı şəxsiyyətləri , onların yüksək titulları haqqında məlumat verilir.
T.Həsənzadənin bu mövzuda məqalələri Türkiyə, Alımaniya və İranda dərc olunub.
Alimin 100-dən artıq tarixi şəxsiyyət barədə tərtib etdiyi soraq kitabçası tədqiqatçılara bu və ya digər xadim barəsində məlumat almağa imkan verir.
Siyahıya həmçinin XV əsrdən başlayaraq Bakıda akkreditə olunmuş səfirlər, konsullar və digər türkmənşəli şəxsiyyətlər barədə məlumatlar daxil edilib.