Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) İnformasiya Texnologiyaları avadanlıqlarının və proqram təminatı lisenziyalarının satın alınması məqsədilə tender elan edir. Bu barədə ARDNF-in məlumatında deyilir.
Tenderdə iştirak etmək istəyən şirkətlər təkliflərini sentyabrın 13-dək təqdim etməlidirlər.
Podratçıların ixtisas göstəricilərinin qiymətləndirilməsi və müqayisəsi üçün informasiya texnologiyaları sahəsində ən azı 5 illik təcrübənin, müvafiq sahədə həyata keçirilmiş 3-5 layihənin olması, texniki və maliyyə imkanları, idarəetmə səriştəsi kimi meyarlara üstünlük veriləcək.
Xəbər verildiyi kimi, ARDNF Azərbaycan Prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb və dövlət başçısına hesabat verən büdcədənkənar dövlət təsisatıdır. Fondda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən daxil olan gəlirlər toplanır.