Peru Azərbaycanla iqtisadi əməkdaşlıq qurmaq istəyir. Bu barədə Perunun xarici ticarət və turizm naziri Xose Martinot Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovu qəbul edərkən söyləyib.
Azərbaycan XİN-in mətbuat xidmətindən cümə axşamı verilən məlumata görə, X.Martinot həmçinin Azərbaycandan investisiya cəlb edilməsi üçün ölkəsində müvafiq imkanların yaradıldığını bəyan edib.
Öz növbəsində E.Məmmədyarov ikitərəfli iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün müxtəlif səviyyəli səfərlərin təşkilinin, biznes forumların keçirilməsinin əhəmiyyətini vurğulayıb. Nazirin sözlərinə görə, energetika sahəsində əməkdaşlığın yaradılması hər iki tərəf üçün faydalı olacaq.
Bundan başqa, E.Məmmədyarov X.Martinotu Azərbaycana rəsmi səfərə dəvət edib. Perulu nazir iş adamlarından ibarət nümayəndə heyəti ilə ölkəmizə səfər edəcəyini vəd edib.
Azərbaycan XİN başçısı Peruya səfəri çərçivəsində ölkə Konqresinin sədri Viktor İsla Roxes ilə görüş keçirib. Peru konqresmenlərinin keçən il Azərbaycana səfərdən xoş təəssüratlarla qayıtdığını xatırladan V.Roxes nümayəndə heyəti tərəfindən Peru parlamentində Azərbaycanla dostluq qrupunun yaradılması barədə təklif verildiyini diqqətə çatdırıb.
E. Məmmədyarov səfərin əsas məqsədinin iki ölkə arasında iqtisadi, ticarət, enerji, humanitar sahələrdə əməkdaşlığın qurulması perspektivlərinin müzakirəsi olduğunu söyləyərək qarşıya qoyulmuş məqsədlərə çatmaqda parlament əlaqələrinin mühüm rolunu vurğulayıb. Nazir Peru parlamentində Azərbaycanla dostluq qrupunun yaradılması barədə təklifi alqışlayıb və Milli Məclisdə də analoji dostluq qrupunun yaradılması barədə təkliflə çıxış edəcəyini deyib.