İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti antiinhisar qanunvericiliyinin tələblərini pozduğuna görə fiziki şəxs Süleyman Süleymanova 4,2 min manat məbləğində maliyyə sanksiyası tətbiq edib. Bu barədə İqtisadi İnkişaf Nazirliyinin məlumatında deyilir.
Dövlət Xidməti fiziki şəxs barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırıb.
“S.Süleymanova məxsus mağazada aparılan yoxlama zamanı portağal, qarağat nektarlarının və qazlı suların uyğunluq sertifikatı olmadan istehsal edilməsi, düşes və tərxun sərinləşdirici içkilərinin saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərilməsi, habelə istehsal edilən sərinləşdirici içkilərin istehlaka yararsız olması müəyyən edilib”, – deyə məlumatda qeyd edilir.
Aşkar edilmiş pozuntular əsasında fiziki şəxsə 4,2 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.