Dövlət Gömrük Komitəsi (DGK) 2012-ci ilin yanvar-iyul aylarında dövlət büdcəsinə 658 mln. 858,53 min manat məbləğində vergi və rüsum köçürüb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DGK-dan məlumat verilib.
“Cari ilin yanvar-iyul aylarında dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 405 mln. 838,09 min manat, aksizlər üzrə – 39 mln. 74,11 min manat, yol vergisi üzrə – 9 mln. 563,65 min manat təşkil edib”, - deyə komitənin nümayəndəsi qeyd edib.
Bundan başqa, hesabat dövründə gömrük rüsumları üzrə köçürmələr 203 mln. 705,27 min manat məbləğində olub.
2012-ci ilin iyul ayında DGK-nın xətti ilə dövlət büdcəsinə daxilolmalar 107 mln. 832,24 min manat, həmçinin ƏDV üzrə - 64 mln. 960,84 min manat, aksizlər üzrə – 10 mln. 797,33 min manat, yol vergisi üzrə – 1 mln. 498,43 min manat, gömrük rüsumları üzrə - 30 mln. 575,64 min manat təşkil edib.
Xəbər verildiyi kimi, 2012-ci ildə DGK-nın xətti ilə dövlət büdcəsinə daxilolmalar 1,2 mlrd. manat həcmində proqnozlaşdırılır.