İranin Bakıdakı səfirliyi qarşısında onlarla jurnalıst iki azərbaycanlı şair -Fərid Hüseyn və Şəhriyar Hacızadənin azad edilməsi tələbi ilə icazəsiz aksiya keçirib
“İnterfaks -Azərbaycan” agentliyinin müxbirinin hadisə yerindən xəbər verdiyi kimi, polis əməkdaşları aksiya iştirakçılarına İran səfirliyinin binasına yaxınlaşmağa yol verməsələr də piketin bir qədər aralıda keçirilməsinə mane olmayıblar.
Aksiya iştirakçıları öz qətnamələrini səsləndirərək onu səfirliyə təqdim ediblər.”Biz İranın hakim dairələrini söz azadlığına hörmət etməyə və qanunları pozmamış, sərhəd keçərkən qanun pozuntusuna yol vermək kimi uydurma ittihamla saxlanılan azərbaycanlı şairləri azad etməyə çağırırıq”.- deyə qətnamədə bildirilir.
Azərbaycan vətəndaşları F.Hüseyn və Ş.Hacızadə bu ilin may ayının əvvəlində Təbrizdə həbs ediliblər.Avqustun 7-də Təbrizdə onların məhkəməsi olacaq. Rəsmi Bakı onların azad edilməsi tələbi ilə İrana 5 nota göndərib, lakin yalnız bir həftə əvvəl İranın hakimiyyəti tərəfindən Azərbaycanın Təbrizdəki konsulluğunun əməkdaşına saxlanılan şəxslərlə görüşməyə icazə verilib.
İranın Azərbaycandakı səfirliyi qarşısında jurnalistlərin aksıyası Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun təşəbbüsü ilə keçirilib.