Londonda səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bp şirkətinin icraçı direktoru Robert Dadli ilə görüşüb.
Rəsmi KİV-in məlumatına görə, görüşdə Azərbaycan ilə bp şirkətinin uzun illər ərzində uğurla əməkdaşlığından məmnunluq ifadə edilib.
Görüşdə “Şahdəniz” yatağının işlənilməsi layihəsinin ikinci fazası və icra edilən digər layihələrin gedişi barədə fikir mübadiləsi aparılıb. Bundan başqa, tərəflər ikitərəfli əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyinə əminlik bildiriblər.
“Şahdəniz” yatağının işlənilməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 25,5%), “Statoil” (25,5%), SOCAR (10%), “LUKoil” (10%), “NICO” (10%), “Total” (10%) və “TPAO” (9%) şirkətləridir.
“Mərhələ-1” çərçivəsində Azərbaycan, Türkiyə və Gürcüstan arasında qaz satışı haqqında sazişlər bağlanıb.