Bu günə “RoyalBank”ın əmanətçilərinə Əmanətlərin Sığortalanması Fondu (ADİF) tərəfindən 6 mln. 727,186 min manat ödənilib. Bu barədə ADİF-dən mlumat verilib.
Avqustun 1-nə ADİF-in seçdiyi üç agent bank vasitəsilə 550 əmanətçiyə kompensasiyalar ödənilib. “Ümumilikdə, “Muğanbank” - 181, “AGBank” – 128, “Bank Respublika” - 111 əmanətçiyə kompensasiya ödəyib”, - deyə məlumatda qeyd olunur.
Xəbər verildiyi kimi, Azərbaycan Mərkəzi Bankı 2012-ci il iyulun 13-dən etibarən fəaliyyətində qanun pozuntuları ilə əlaqədar “RoyalBank” ASC-nin lisenziyasının ləğv edilməsi barədə qərar qəbul edib.
İyulun 18-də növbədənkənar iclasda ADİF-ın Qəyyumluq Şurası “RoyalBank”ın əmanətçilərinə sığortalanan əmanətlər üzrə kompensasiyaların ödənilməsinə dair üç agent bankı müəyyən edib.
ADİF-in məlumatına əsasən, “RoyalBank” əmanətçilərinin 98%-i fond tərəfindən sığortalanıb. 30 min manata qədər əmanəti olan əmanətçilərin əmanətləri 100% həcmində kompensasiya ediləcək.
ADİF 2006-cı il dekabrın 29-da qəbul olunan “Əmanətlərin sığortalanması haqqında” qanunun təsdiqlənməsi və qüvvəyə minməsi haqqında” ölkə Prezidentinin 9 fevral tarixli fərmanı ilə yaradılıb. 30 min manat məbləğində əmanətlər fond tərəfindən tam ödənilir. Fondun əsas məqsədi banklar iflasa uğradıqda və onların depozit qəbulu üçün lisenziyası ləğv olunduqda bank yığımlarının əmanətçilərə qaytarılmasına zəmanət verməkdir.