“Dağlıq Qarabağın Azərbaycan icması” İctimai Birliyi Suriya və Livandan olan erməni qaçqınlarının Azərbaycanın işğal edilən torpaqlarında məskunlaşmasını pisləyir. Bu barədə icmanın bəyanatında bildirilir.
“Dağlıq Qarabağda tarix boyu yaşayan azərbaycanlılar Ermənistanın məskunlaşma üzrə həyata keçirdiyi siyasəti Azərbaycan Konstitusiyasının, beynəlxalq hüquq normaları və prinsiplərinin kobud şəkildə pozulması, həmçinin Azərbaycan torpaqlarında erməni əhalisinin süni artırılması cəhdi kimi qiymətləndirir”, - deyə icmanın bəyanatında qeyd olunur.
Bununla əlaqədar, bəyanatın müəllifləri hesab edirlər ki, “bu cür qanunsuz hərəkətlərlə Ermənistan ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması işində sülh danışıqlarını, regionda sülhün yaradılması üzrə dünya ictimaiyyətinin təşəbbüslərini və icmalaraarası dialoq imkanlarını heçə çıxarır”. “Hesab edirik ki, Ermənistanın Suriya və Livandan olan erməni qaçqınlarının Qarabağa köçürülməsi üzrə təşəbbüsü danışıqlar prosesinə, həmçinin regionun gələcək statusu və inkişafına ciddi zərər yetirir. “Dağlıq Qarabağın Azərbaycan icması” Azərbaycan torpaqlarının süni məskunlaşması və işğalı üzrə Ermənistanın həyata keçirdiyi siyasətin qarşısını almaq üçün beynəlxalq ictimaiyyət ən təsirli tədbirlər həyata keçirəcək və qeyri-konstruktiv hərəkətləri kəskin pisləyəcəyinə ümid edir”, - deyə icmanın bəyanatında vurğulanır.