Naxçıvan Muxtar Respublikasında (MR) banklar və bank olmayan kredit təşkilatları tərəfindən (BOKT) 2012-ci ilin birinci yarısında sahibkarlara 32 mln.895 min manat kredit ayrılıb ki, bu da keçən ilin analoji dövrünün göstəricisini 24,9% üstələyir.Bu barədə”İnterfaks -Azərbaycan”agentliyinin regional bürosuna Azərbaycan Mərkəzi Bankının (AMB) Naxçıvan MR İdarəsindən məlumat verilib.
Ümumilikdə, 2012-ci il iyulun 1-nə bank və BOKT-lar 89,664 mln. manat məbləğində kredit veriblər ki, bu da keçən ilin müvafiq dövrünün göstəricisindən 22,4 % çoxdur.
“Bunlardan 60 mln.612 min manat uzunmüddətli kreditlərin, 29 mln.52 min manat qısamüddətli kreditlərin payına düşür”,- deyə idarənin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, birinci yarımildə kreditlər üzrə orta faiz dərəcəsi 11,6% təşkil edib ki, bu da Azərbaycan üzrə ən aşağı göstəricidir.
“Muxtar Respublikada əmanətlərin həcmi 2012-ci il iyulun 1-nə 5 mln.346 min manat təşkil edib . Bu isə keçən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 24,1% çoxdur”.- deyə agentliyə məlumat verilib.
Plastik kart istifadəçilərinin ümumi sayı keçən ilin analoji dövrü ilə müqayisədə 23 min 635 nəfər artaraq 151 min 209 nəfərə çatıb.
AMB-nin yerli idarəsinin nümayəndəsinin sözlərinə görə, 2012-ci il avqustun 2-nə keçmiş SSRİ Əmanət Bankının Naxçıvan MR üzrə 64 min 944 əmanətçisinin 20 min 285 əmanətçisindən ərizə qəbul edilib və 6 mln. 537 min 176 manat məbləğində birdəfəlik fərdi ödəniş həyata keçirilib.