Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin profisiti 2012-ci ilin yanvar-iyul aylarında 95,7 mln. manat və ya hesabat dövründə fondun gəlirlərinə nisbətdə 6,3% təşkil edib. Bu barədə DSMF-dan məlumat verilib.
Operativ məlumatlara görə, cari ilin yanvar-iyul aylarında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 1 mlrd. 517,4 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin analoji dövrünə nisbətən 37,9% çoxdur.
Bununla yanaşı, hesabat dövrü ərzində icbari sosial sığorta üçün ayırmalar üzrə fondun büdcəsinə daxilolmalar 14,6% - 785 mln. manata qədər artıb.
Özəl sektordan icbari sosial sığorta üzrə daxilolmalar 462,3 mln. manat təşkil edib və 17,2% artıb. Sahibkarlıqla məşğul olan fiziki şəxslərdən icbari sosial sığorta üzrə daxilolmalar 11,8%, torpaq pay mülkiyyətçilərindən daxilolmalar - 17,8% artıb.
DSMF-nin məlumatına görə, büdcədən maliyyələşən təşkilatlardan icbari sosial sığorta üzrə daxilolmalar 322,7 mln. manat təşkil edib (artım 11,1%).
Qalan gəlirlər dövlət büdcəsindən DSMF-nin büdcəsinə transferlər, həmçinin digər gəlirlərin payına düşüb.
2012-ci ilin yanvar-iyul aylarında fondun xərcləri 1 mlrd. 421,7 mln. manat təşkil edib. Həmçinin, pensiya və müavinətlərin maliyyələşdirilməsinə xərclər 1 mlrd. 395,5 mln. manat təşkil edib, bu da 2011-ci ilin analoji dövrünə olan göstəricidən 34,9% çoxdur. Pensiya xərcləri hesabat dövründə 1 mlrd. 362,9 mln. manat təşkil edib (artım 36%).
Fondun digər xərcləri 26,2 mln. manat təşkil edib.
DSMF-nin 2012-ci ilə kəsirsiz büdcəsinin gəlirləri və xərcləri 2 mlrd. 454,3 mln. manat məbləğində təsdiq edilib.