Maliyyə Nazirliyi avqustun 17-də Bakı Fond Birjasında (BFB) 3 mln. manat məbləğində dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə birjadan məlumat verilib.
Nominal dəyəri 100 manat olan AZ0101019369 seriyalı 30 min istiqrazın tədavül müddəti 91 gün, kağızların ödəniş tarixi 18 noyabr 2012-ci ildir.
DQİ-nin emissiya həcminin 20%-dən çox olmayan qeyri-rəqabətli sifarişlər hərraca buraxılır. Əgər hərrac iştirakçıları tərəfindən istiqraz alınması üçün təqdim edilən sifarişlərin ümumi həcmi emitent tərəfindən hərraca çıxarılmış istiqrazların 40%-dən az olarsa, emitent sifarişləri qəbul etməmək hüququna malikdir.
DQİ-nin yerləşdirilməsi üzrə hərraclar Maliyyə Nazirliyi və BFB arasında 2002-ci il avqustun 29-da bağlanmış saziş əsasında keçirilir.
2012-ci ildə Maliyyə Nazirliyi 180 mln. manat məbləğində DQİ-nin emissiyasını planlaşdırır.