Yaxın günlərdə Bakı Dövlət Universitetində Koreya Mərkəzinin təmir işlərindən sonra açılışı olacaq. Bu barədə BDU-nun rektoru Abel Məhərrəmov cümə günü Cənubi Koreyanın Azərbaycandakı səfiri Li Ci Hanı qəbul edərkən bildirib.
BDU-nun mətbuat xidmətindən verilən məlumata görə, 2007-ci ildən universitetdə Koreya dili və ədəbiyyatı ixtisası tədris olunur. Mühazirələr yerli müəllimlərlə yanaşı, Koreyadan gələn 3 müəllim tərəfindən oxunur.
Bu müddət ərzində universitet 38 mütəxəssis hazırlayıb, onlardan 8 nəfər bu il məzun olub, 3 məzun isə Koreya universitetlərinin magistraturasına daxil olub.
Səfir öz növbəsində bildirib ki, Koreyada 76 azərbaycanlı, Azərbaycanda isə 26 koreyalı tələbə təhsil alır.
Bundan başqa, L.C.Ha universitetlə tanış olub, elmi-tədqiqat laboratoriyasına baş çəkib.