Yaponiya Gədəbəy rayonunda sosial- iqtisadi şəraitin yaxşılaşdırılmasına yönəldilmiş üçüncü layihəni başa çatdırıb.
“İnterfaks -Azərbaycan” agentliyinə Yaponiyanın Bakıdakı səfirliyindən bildirildiyi kimi, avqustun 11-də Gədəbəyin1,5 min əhalisi olan Elişmayıllı kəndində su təchizatının təmin edilməsi layihəsinin başa çatması münasibəti ilə Yaponiyanın Bakıdakı səfiri Şusuke Vatanabinin iştirakı ilə mərasim keçirilib. 2011-ci il noyabrın 3-də Yaponiya səfirliyi və “Yardım və İnkişaf Assosiasiyası” Beynəlxalq Humanitar İctimai Birliyi arasında ” Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində müvafiq saziş imzalanıb.Yaponiya Hökuməti bu layihənin reallaşdırılmasına $99,6 qrant yardımı ayırıb.
Səfirliyin məlumataına əsasən, Yaponiya Hökuməti həmçinin Gədəbəy rayonunda Çay Rəsullu kəndində məktəb tikintisinə $30,6 min, Düz Rəsullu kəndində tibb məntəqəsinin tikintisinə $89,9 min vəsait ayırıb.Beləliklə,üç layihənin reallaşdırılmasına $220,1 min vəsait sərf edilib.
Yaponiya Hökuməti Azərbaycanla yoxsulluğun aradan qaldırılması, infrastrukturun yaradılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, tibbi səviyənin yüksəldilməsi məqsədi ilə ümumi məbləği $11,8 mln. – a bərabər olan 154 qrant sazişi bağlayıb.
Bütövlükdə,bu günə qədər Yaponiya Hökuməti Azərbaycanda iqtisadi infrastrukturun yaxşılaşdırılması, kənd təsərrüfatının , sosial mühitin, mədəni və insan resurslarının inkişafına $1 mlrd.-dan çox vəsait ayırıb.