Qırğızıstan enerji daşıyıcılarının istehsalı və ixracı sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Bu barədə SOCAR-ın rəsmi saytında məlumat verilir.
Qırğızıstanın sənaye və energetika naziri Askarbek Şadiyev cümə günü Bakıda SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) prezidenti Rövnəq Abdullayevlə görüşdə energetika sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib.
“Qırğızıstanda aparılan islahatlar haqqında danışan A.Şadiyev inkişafın Azərbaycan modelinin böyük maraq doğurduğunu vurğulayıb. O, ölkəsinin enerji daşıyıcılarının istehsalı və ixracı sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib”, - deyə məlumatda bildirilir.
ARDNŞ prezidenti qeyd edib ki, Azərbaycan əməkdaşlıq üçün açıqdır və həyata keçirilən layihələrdə səmərəlilik prinsipinə böyük önəm verir.
Daha əvvəl Qırğızıstan SOCAR şirkətinə neft emalı zavodunun inşası məsələsini nəzərdən keçirməyi təklif etmişdi. Qırğızıstanda inşa ediləcək NEZ-in gücü ildə təxminən 2 mln. ton təşkil edəcək.