Gürcüstanda dörd il əvvəl baş vermiş hadisələr Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına mənfi təsir göstərib. Milli Məclisin keçmiş deputatı, politoloq Mais Səfərli belə hesab edir.
“Gürcüstan-Rusiya müharibəsi müəyyən dərəcədə Ermənistanı ruhlandırdı, onun Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı mövqeyini daha da sərtləşdirdi”, - deyə o, Gürcüstan-Rusiya müharibəsinin Qarabağ münaqişəsinə təsirini “İnterfaks-Azərbaycan” agentliyinə şərh edərkən bildirib.
Ekspertin fikrincə, avqust müharibəsinədək Ermənistan Azərbaycanın artan iqtisadi və hərbi imkanları qarşısında münaqişənin həllində güzəştlərə daha meylli idi. “Lakin Gürcüstan-Rusiya müharibəsi bir dövlətin bu və ya digər yolla başqa dövlətin ərazilərinin bir hissəsini işğal altında saxlaya bildiyini nümayiş etdirdi”, - deyə o bildirib.
M.Səfərli qeyd edib ki, dünya ictimaiyyəti yalnız sözdə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir. “Belə bir təəssürat yaranır ki, dünya ictimaiyyəti Gürcüstan torpaqlarının bir hissəsinin işğalı faktı ilə barışıb. Beynəlxalq ictimaiyyət analoji münasibəti Azərbaycan ərazilərinin bir hissəsinin işğalı faktı ilə bağlı da nümayiş etdirir. Böyük dövlətlər yalnız sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər və beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması faktının aradan qaldırılması üçün təsirli tədbirlər həyata keçirmirlər. Başqa sözlə desək, beynəlxalq ictimaiyyət Azərbaycan və Gürcüstan ərazilərinin bir hissəsini işğal edən tərəflərə qarşı kifayət qədər təzyiq göstərmir. Mən əminəm ki, əgər dünya ictimaiyyəti Ermənistana və onu dəstəkləyən qüvvələrə qarşı ciddi təzyiq göstərərsə və qadağalar tətbiq edərsə, Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı vəziyyət köklü şəkildə dəyişər və problem öz həllini tapar”, - deyə o vurğulayıb.