Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün böyük siyasi imkanlara malikdir.Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov belə hesab edir.
“Vladimir Putin sələfi Dmitri Medvedevdən fərqli olaraq Rusiyanın prezidenti kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına “təkan vermək” üçün daha böyük siyasi resurslara malikdir”,- deyə R.Musabəyov “İnterfaks azərbaycan” agentliyinə bildirib.
Bununla belə deputat hesab edir ki, “ilk addım baxımından Vladimir Putin bu “yükü” hələ ki, öz üzərinə götürmək iqtidarında deyil”. “Ola bilsin ki, onu buna Dmitri Medvedevin öz iştirakı ilə ondan çox görüş təşkil etməsini və Azərbaycan və Ermənistan prezidentlərinin danışıqları üzrə şəxsi vasitəçilik səylərini qavrayan uğursuzluq vadar edir. Suriyadakı münaqişə, İran ətrafında artan gərginliyin də Rusiya liderini fasilə götürməyə və daha dəqiq desək şəxsi vasitəçilik təşəbbüslərinin vaxtı və konkret tərkibini hesablamağa vadar etdiyini də istisna etmək olmaz”,- deyə o qeyd edib.
Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinin Moskvanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün əlindən gələni edəcəyi barədə bəyanatını şərh edən R. Musabəyov söyləyib ki, Moskva Qarabağ nizamlanması ilə bağlı hər hansı yeni təşəbbüsləri ilə əlaqədar bəyanat verməyib. “Rusiyanın yüksək rütbəli rəsmi şəxsləri tərəfindən belə bəyanatlar 20 ildən artıqdır ki, səslənməkdədir, lakin təcrübədə isə hər şey indiki “nə sülh, nə hərb” vəziyyətinin və ermənilərin Azərbaycan ərazilərində daha da möhkəmlənməsi üçün edilir”,-deyə deputat vurğulayıb.