Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ - “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi üzrə operator) xərcləri 2012-ci ilin I yarısında $1 mlrd. 555,4 mln. təşkil edib ki, bu da 2011-ci ilin analoji dövrünün göstəricisindən 29,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ABƏŞ-in mətbuat xidmətindən məlumat verilib.
“I yarımillikdə AÇG layihəsi üzrə xərclər $1 mlrd. 555,4 mln., o cümlədən istismar xərcləri $346,4 mln., əsaslı xərclər $1 mlrd. 209 mlrd. təşkil edib”, - deyə mətbuat xidmətindən bildirilib.
Şirkətin məlumatına görə, 2012-ci ilin I yarısında “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarından 16,8 mln. ton neft hasil edilib. Bu dövrdə orta sutkalıq neft hasilatı 684 min barel təşkil edib.
I yarımillikdə “Çıraq” platformasından neft hasilatı orta hesabla 77 min bar/sut., “Mərkəzi Azəri” platformasından - 161 min bar/sut., “Qərbi Azəri” platformasından – 186 min bar/sut., “Şərqi Azəri” platformasından – 144 min bar/sut., “Dərinsulu Günəşli” platformasından – 116 min bar/sut. təşkil edib.
“Azəri”, “Çıraq” və “Dərinsulu Günəşli” yataqlarının işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və həmin il dekabrın 12-də qüvvəyə minib.
Layihənin iştirakçıları: BP (Böyük Britaniya - 35,78%), Amerikanın “Chevron” (11,27%), “ExxonMobil” (8%), “Hess” (2,72%) şirkətləri, Azərbaycanın SOCAR (11,65%), Yaponiyanın “Inрex Corр.” (10,96%) və “ITOCHU Oil” (4,3%), Norveçin “Statoil” (8,56%) və Türkiyənin “TPAO” (6,75%) şirkətlərdir.
“Çıraq” yatağından neft hasilatına 1997-ci ilin noyabrından, “Azəri” yatağının mərkəzi hissəsindən 2005-ci il fevralın 13-dən, “Azəri” yatağının qərb hissəsindən 2005-ci il dekabrın 30-dan, “Azəri” yatağının şərq hissəsindən 2006-cı il oktyabrın 21-dən, “Günəşli” yatağının dərinsulu hissəsindən isə 2008-ci il aprelin əvvəllərindən neft hasilatına başlanılıb.
ABƏŞ 2012-ci ildə AÇG layihəsi çərçivəsində xərcləri $3 mlrd. 224 mln. səviyyəsində planlaşdırıb. Bunun $708 mln.-nu istismar xərcləri, $2 mlrd. 516 mln.-nu əsaslı xərclər təşkil edəcək.