Cənubi Qafqaz magistral boru kəmərinin ( Bakı- Tbilisi- Ərzurum) xidmət xərcləri 2012-ci ilin I yarısında $6 mln. təşkil edib ki, bu da keçən ilin analoji dövrünün göstəricisindən 62,3% çoxdur.Bu barədə “İnterfaks -Azərbaycan” agentliyinə BP- Azerbaijan şirkətindən məlumat verilib.
“Hesabat dövründə sözügedən qaz kəməri ilə gündəlik 12,3 mln. kubmetr qaz nəql olunub.Bütövlükdə 2006-cı ilin sonundan 2012-ci ilin sonuna qədər Bakı -Tbilisi -Ərzurum qaz kəməri ilə 34 mlrd. kubmetr qaz və 9 mln. ton kondensat ixrac edilib”,- deyə şirkətdən bildirilib.
Xəbər verildiyi kimi, 2012-ci ildə Bakı -Tbilisi -Ərzurum qaz kəmərinin xidmət xərcləri $13,1 mln.həcmində planlaşdırılıb.
Uzunluğu 690 km olan Bakı-Tiflis-Ərzurum Cənubi Qafqaz qaz kəməri (Azərbaycan ərazisində 442 km və Gürcüstan ərazisində 248 km) “Şahdəniz” yatağından “Mərhələ-1” çərçivəsində hasil edilən Azərbaycan qazının Türkiyəyə nəqli üçün çəkilib.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 25,5%), “Statoil” (25,5%), SOCAR (10%), “LUKoil” (10%), “NICO” (10%), “Total” (10%) və “TPAO” (9%) şirkətləridir.
Hazırda qaz hasilatı “Şahdəniz” yatağının işlənmə layihəsinin “Mərhələ 1” çərçivəsində həyata keçirilır.”Mərhələ-1” çərçivəsində yataqdan 178 mlrdş kubmetr qaz və 34 mln. ton kondensat hasil olunması nəzərdə tutulur.”Mərhələ-1”-in dəyəri $4,1 mlrd.təşkil edir.”Şahdəniz” yatağından “Mərhələ-1” çərçivəsində ən yüksək qaz istehsalı 9 mlrd. kubmetr qaz, və 50 min barel kondensat səviyyəsində proqnozlaşdırılır.