Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti dünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevin 70 illik yubileyi münasibətilə işıq üzü görən markanı dövriyyəyə buraxıb.
Mədəniyyət və Turizm Nazirliyindən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, nominal dəyəri 50 qəpik və tirajı 100 min ədəd olan markanın üzərində bəstəkarın portreti təsvir olunub.
Bundan başqa, avqustun 18-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqi zalında M.Maqomayevin anadan olmasının 70 illik yubileyinə həsr olunmuş xatirə konserti keçiriləcək. Filarmoniyanın və "İrəli" İctimai Birliyinin birgə təşkilatçılığı ilə gerçəkləşəcək tədbirdə həmçinin M.Maqomayevin həyatından bəhs edən film nümayiş olunacaq.