“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqlarının işlənilməsi layihələri və Bakı-Tiflis-Ceyhan boru kəmərinin inşası üzrə podratçı şirkətlər 2012-ci ilin I yarısında $737 mln. məbləğində sifarişlər yerinə yetiriblər ki, bu da 2011-ci ilin analoji dövrünün göstəricisindən 24,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “BP-Azerbaijan” şirkətinin mətbuat xidmətindən məlumat verilib.
“Bu məbləğdən 12 birgə müəssisə $252 mln., 25 dövlət müəssisəsi $21 mln., 170 kiçik və orta müəssisə $223 mln., BP-nin Azərbaycandakı layihələri üzrə xarici şirkətlər isə $241 mln. məbləğində sifarişlər yerinə yetiriblər”,- deyə mətbuat xidmətindən bildirilib.
2012-ci ilin yanvar-iyun aylarında sosial layihələrin gerçəkləşdirilməsinə investisiya qoyuluşları $2,31 mln. təşkil edib.
“Azəri”, “Çıraq” və “Dərinsulu Günəşli” yataqlarının işlənilməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və həmin il dekabrın 12-də qüvvəyə minib. Layihənin iştirakçıları: BP (Böyük Britaniya - 35,78% - operator), Amerikanın “Chevron” (11,27%), “ExxonMobil” (8%), “Hess” (2,72%), Yaponiyanın “Inpex” – 10,96%, Itochu – 4,3%, Azərbaycanın SOCAR (11,65%), Norveçin “Statoil” (8,56%), Türkiyənin “TPAO” (6,75%) şirkətləridir.
“Şahdəniz” yatağının işlənilməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları: BP (operator – 25,5%), “Statoil” (25,5%), SOCAR (10%), “LUKoil” (10%), “NICO” (10%), “TOTAL” (10%) və “TPAO” (9%) şirkətləridir.
BTC layihəsinin iştirakçıları: BP (30.1%); SOCAR (25.00%); Chevron (8.90%); Statoil (8.71%); TPAO (6.53%); Eni (5.00%); Itochu (3.40%); ConocoPhillips (2.50%); INPEX (2.50%), TOTAL (5.00%) və Amerada Hess (2.36%) şirkətləridir.