2012-ci ilin iyulunda Bakı bazarlarında tikinti materiallarının qiyməti iyun ayı ilə müqayisədə 0,14% artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Əmlak bazarının iştirakçıları” İctimai Birliyindən bildirilib.
“Aparılan araşdırmalar göstərdi ki, 2012-ci ilin iyul ayında 2011-ci ilin iyul ayı ilə müqayisədə 2,2%, 2012-ci ilin əvvəlinə olan göstərici ilə müqayisədə 1,2% ucuzlaşıb”, - deyə məlumatda qeyd olunur.
Birliyin məlumatına görə, cari ilin iyul ayında Bakı şəhəri üzrə tikinti materialları bazarının monitorinqi zamanı 87 növ inşaat materialının qiyməti araşdırılıb, onların 53,6%-i yerli məhsul olub.
2012-ci ilin iyul ayında faner - 2,3%, şifer – 27,1%, şüşə - 0,4%, alçipan – 16,8% qiymətində bahalaşma qeydə alınıb.
Hesabat ayında Rusiya istehsalı olan armatura - 0,2%, metal örtüklər – 0,5%, mismara – 0,1%, üzlük daşlara – 0,3% qiymətində ucuzlaşma qeydə alınıb.
İyul ayında digər növ tikinti materiallrı üzrə qiymətlər sabit olaraq qalıb.