İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti sərinləşdirici içki istehsalı ilə məşğul olan sahibkar Nizameddin Yusuf Zergerin fəaliyyətində pozuntular aşkar edib. Bu barədə nazirliyin məlumatında deyilir.
Məlumata görə, Dövlət Xidməti N.Zergerə məxsus istehsalat sahəsində yoxlama aparıb.
Yoxlama zamanı polietilen qablaşdırmada olan 19 litrlik "Billur su" adlı suların saxlama müddətinin heç bir normativ-texniki sənədə əsaslanmadan təyin edildiyi, habelə suların etiketində qablaşdırılma tarixinin göstərilmədiyi müəyyən olunub.
Bundan başqa, laborator müayinələr nəticəsində müəssisədə istehsal edilən suların tərkibində mezofil-aerob və fakultativ-anaerob mikroorqanizmlərinin sayının normadan çox olduğu, eləcə də bağırsaq çöpləri qrupundan olan bakteriyaların (koliform) olduğu aşkar edilib.
Bununla əlaqədar, su istehsalının dayandırılması və müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış həmin məhsulların geri yığılması barədə Dövlət Xidməti tərəfindən sahibkara icrası məcburi göstəriş verilib.