“GEN-LAB” MMC və “Azərtelekom” MMC Bakının Yasamal, Nizami və Xətai rayonlarında qeyri-yaşayış obyektlərini icarəyə götürüb. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) məlumat verilib.
Xətai rayonu, Y.Səfərov küçəsi 17, Yasamal rayonu, Şərifzadə küçəsi 75 və Nizami rayonu, Ş.Mirzəyev küçəsi 23 ünvanında yerləşən ümumi sahələri müvafiq olaraq 285,1 kv. metr, 17,2 kv. metr və 11,2 kv. metr olan qeyri-yaşayış sahələrinin icarəyə verilməsi ilə bağlı investisiya müsabiqəsi elan edilib.
Tender komissiyasının qərarına əsasən, “GEN-LAB” MMC (Xətai rayonu, Y.Səfərov küçəsi 17 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin icarəyə verilməsi) və “Azərtelekom” MMC (Nizami və Yasamal rayonlarında yerləşən qeyri-yaşayış sahəsinin icarəyə verilməsi) investisiya müsabiqələrinin qalibi elan edilib.
İcarə müqaviləsinin imzalanması müsabiqənin nəticələrinin təsdiqindən sonra 20 gün ərzində imzalanmalıdır.
Obyektlərin icarəyə verilməsi aşağıdakı şərtlər əsasında həyata keçiriləcək: icarəyə verilən obyektin məxsus olduğu müəssisənin spesifik fəaliyyət profilinə uyğun olaraq təyinatı üzrə istifadə edilməsini təmin etmək, icarəyə verilən obyektin ərazisində yerləşdiyi müəssisənin fəaliyyətinə maneçilik yaradılmaması, birgə istifadə olunan kommunikasiya xətlərinə xələl gətirilməməsi, kommunikasiya xətlərindən birgə istifadə edilməsi, icarəyə verilən obyektin xarici görünüşünün və memarlıq elementlərinin qorunub saxlanılması.