Dövlət Miqrasiya Xidməti (DMX) 20-25 avqust tarixlərində ölkə ərazisində etibarsız sənədlərlə yaşayan və fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilən 12 əcnəbi aşkar edib.
DMX-dən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, onların barəsində İnzibati Xətalar Məcəlləsinin 339 (Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması, yaşaması yaxud Azərbaycan Respublikası ərazisindən tranzitlə keçməsi qaydalarının pozulması) və 340-1-ci (Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə vətəndaşları tərəfindən onlara verilmiş yaşayış sahələrində vaxtında qeydiyyata alınmaması) maddələrinə uyğun müvafiq qərarlar qəbul edilib.
İnzibati Xətalar Məcəlləsinin 339-cu maddəsi ilə təqsirli bilinən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər respublika ərazisindən çıxarılır və ya 300-400 manat miqdarında cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 340-1-ci maddəsi ilə təqsirli bilinən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə 300-500 manat miqdarında cərimə edilir.