Azərbaycan və Cənubi Koreya “Azərbaycan və Koreya hökumətləri arasında iqtisadi əməkdaşlıq haqqında saziş” imzalayıb. Bu barədə İqtisasdi İnkişaf Nazirliyindən məlumat verilib.
Sənədi iqtisadi inkişaf naziri Şahin Mustafayev Koreyanın Azərbaycandakı səfiri Li Ci Ha imzalayıb.
Saziş müxtəlif sahələrdə, xüsusilə kənd təsərrüfatı və balıqçılıq, enerji və dağ-mədən sənayesi, informasiya və kommunikasiya texnologiyaları, elm və texnologiya, turizm, nəqliyyat, ətraf mühitin qorunması və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, ölkələr arasında hökumətlərarası komissiyanın yaradılmasıa yönəlib.
Görüşdə Ş.Mustafayev Azərbaycan iqtisadiyyatı, aparılan islahatlar və əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verib, dövlət başçılarının qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin iki ölkə arasında əməkdaşlığın inkişafına təkan verdiyini vurğulayıb
Onun sözlərinə görə, 2011-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 72,5%, 2012-ci ilin yanvar-iyul ayları ərzində - 25% artıb.
Nazir mövcud potensialdan istifadə etməklə iki ölkə arasında əməkdaşlığı daha da genişləndirmək üçün real imkanların olduğunu qeyd edib.
Li Ci Ha öz növbəsində Koreyada Azərbaycan iqtisadiyyatına marağın böyük olduğunu, iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.