2013-cü ilin sentyabr ayında MDB və Aİ ölkələriprezidentləri və baş nazirlərinin, iri şirkətlərin rəhbərlərinin iştirakı ilə Caspian European Forum keçiriləcək. Bu barədə Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubundan (CEIBC) məlumat verilib.
CEIBC-in prezidenti və baş icraçı direktoru Telman Əliyev Litvanın baş naziri Andryus Kubilyus ilə görüş zamanı bu forumun keçirilməsini müzakirə edib.
A.Kubilyus qeyd edib ki, 2013-cü ilin ikinci yarısında Avropa İttifaqında Litva sədrlik edəcək. “Ölkələr arasında işgüzar münasibətlərin yaxşalaşması üçün biz ikitərəfli işgüzar görüşlər və forumlardan başlayaraq ölkələrimizdə iri tədbirlər və yarmarkalarda iştiraka qədər bütün mümkün mexanizmləri istifadə etməliyik”, - deyə Litvalı baş nazir qeyd edib.
Litva hökümətinin rəhbəri bəyan edib ki, Azərbaycan Litvanın strateji tərəfdaşıdır, ölkələr arasında iqtisadi münasibətlər inkişaf edir, ikitərəfli ticarət artır.
Onun sözlərinə görə, Litva müxtəlif sahələrdə Azərbaycanla təcrübə ilə bölüşməyə hazırdır.
Görüş zamanı Litvanın baş naziri Andryus Kubilyusa CEIBC-nin fəxri üzvü sertifikatı təqdim olunub.
CEIBC 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə yaradılıb. Prezident İlham Əliyev 2002-ci ildən CEIBC-nin fəxri sədridir. Klub dünyanın 50 ölkəsinin 500-dən çox şirkət və təşkilatını birləşdirir.