Cümə axşamı Gəncədə III Azərbaycan-Almaniya biznes forumu keçirilib. Bu barədə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
III Azərbaycan-Almaniya biznes forumu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Alman-Azərbaycan İqtisadi Birliyi (DAWF) tərəfindən və Almaniya Federativ Respublikasının Reynland-Pfalz əyalətinin nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində təşkil olunub.
Tədbirdə Azərbaycan və Almaniya tərəfdən kənd təsərrüfatı və qida sənayesi, maşınqayırma, logistika, tikinti və digər sahələrdə fəaliyyət göstərən 100-ə yaxın iş adamı iştirak edib.
Biznes forumu giriş sözü ilə açan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, ölkə iqtisadiyyatının dayanıqlı inkişafı xarici invesorların Azərbaycana və onun regionlarına marağını daha da artırıb.
O, Gəncənin sənaye potensialı, şəhərdə həyata keçirilən irimiqyaslı layihələr və alman iş adamları üçün maraq doğuracaq sahələr barədə ətraflı məlumat verib.
Forum iştirakçıları iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd ediblər.
Səfər çərçivəsində Reynland-Pfalz əyalətinin nümayəndə heyəti Gəncədə bir sıra istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olub.