Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov azərbaycanlı şairlər Şəhriyar Hacızadə və Fərid Hüseynovun İrandahəbs məsələsinin tezliklə həll ediləcəyinə ümid edir.
Azərbaycan XİN-in məlumatında qeyd olunur ki, bu məsələ E.Məmmədyarovun İranın Islam Şurası Məclisinin sədri Əli Laricani ilə görüşündə müzakirə edilib.
XİN başçısı qeyd edib ki, azərbaycanllı şairlərin həbs məsələsi Azərbaycan rəhbərliyi və əhalidə narahatlıq doğurur.
E.Məmmədyarov və Ə.Laricani həmçinin ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər. Ə.Laricani vurğulayıb ki, İran Azərbaycanla əməkdaşlıqda maraqlıdır və ölkəmizin ərazi bütovlüyünü tanıyır.
Bundan başqa, görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ətrafında vəziyyət müzakirə olunub.
E.Məmmədyarov cümə axşamı o cümlədən İranın neft naziri Rüstəm Qasəmi ilə görüşüb. XİN başçısı azərbaycanlı iki şair Şəhriyar Hacızadənin və Fərid Hüseynovun həbsdə olmasının iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərdiyini Qasəminin diqqətinə çatdırıb.
Azərbaycanlı iki şair Şəhriyar Hacızadə və Fərid Hüseynov Irana poeziya festivalında iştirak üçün səfər ediblər və mayın 2-də həbs olunublar. Qeyri-rəsmi məlumatlara görə, İran tərəfi şairləri casusluqda ittiham edir, lakin Azəırbaycan XİN-i indiyədək irəli sürülən ittihamlara dair rəsmi məlumat əldə etməyib. Hazırda şairlərin işi üzrə məhkəmə prosesi aparılır.
E.Məmmədyarov İranda Qoşulmama Hərəkatının sammitində iştirak edir.