Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi “Bakı tekstil fabriki2 tərəfindən məktəbli formalarının istehsalı və satılmasına qadağa qoyub. Bu barədə komitənin məlumatında bildirilir.
Komitənin məlumatına əsasən, Bakının Binəqədi rayonu ərazisində yerləşən “Bakı Tekstil Fabriki”ndə aparılan yoxlamaların nəticəsinə əsasən belə qərar qəbul edilib.
“Yoxlamalar zamanı müəyyən olunub ki, müəssisə qanunvericiliyə uyğun olaraq məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış məhsullar istehsal edir, ölçü vasitələrinin işlədilməsi qaydaları pozulur, ölçmə vasitələri heç biri müqayisəli dövlət yoxlamasından keçirilməyib”,- deyə məlumatda qeyd olunur.
Eyni zamanda müəssisədə normativ sənədi olmadığı halda qeyri-qanuni olaraq «məktəbli forması» istehsal (realizə) olunur.
Müəssisənin istehsal olunan məhsulun keyfiyyət və təhlükəsizlik göstəricilərinin təyin edilməsi üçün laboratoriyası və ya akkreditasiya olunmuş hər hansı bir laboratoriya ilə müqaviləsinin olmadığı da müəyyən edilib.
“Aşkar olunmuş bu və digər nöqsanlara görə İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən 4000 manatdan 5000 manatadək miqdarda cərimə edilməsi nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilib. Həmçinin «Bakı Tekstil Fabriki» MMC-də «məktəbli forması»nın istehsalı, satılması və realizə olunmasını qadağan edən tələbnamə verilib”,- deyə məlumatda bildirilir.