“Muzıkalnıy Olimp” festivalının musiqiçiləri Üzeyir Hacıbəyov adına 3-cü Beynəlxalq Musiqi festivalı tərkibində təşkil edilən beynəlxalq klassik musiqi konserti çərçivəsində 18, 21 sentyabr tarixində Bakıda çıxış edəcəklər.
Konsertlər Dövlət Filarmoniyasının böyük zalında və Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. Festivalın təşkillatçıları Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyidir.
“Muzıkalnıy Olimp” festivalı ilə Ü.Hacıbəyov Beynəlxalq Musiqi Festivalının birgə təşkili ideyasıl bir çox mükafatlar laureatı, məşhur dirijor Eyyub Quliyevin təşəbbüsü əsasında irəli sürülüb.
Azərbaycanda baş tutacaq “Muzıkalnıy Olimp” festivalında bir sıra tanınmış sənətkarlar iştirak edəcəklər: Solen Paydassı (Fransa),; Signum saksofonistlər kvarteti (Almaniya), Аşu (ABŞ), Kristof Kruaze (İsveçrə), İlya Maksimov (Rusiya). Konsertdə həmçinin Eyyub Quliyevin dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestri də çıxış edəcək.
Konsert proqramına S.Prokofyev, A.Dvorjakov, S.Barbera, B.Bartoka, J.İbera, A.Pyatsola, P.Çaykovskiy, S.Raxmaninovun əsərləri daxil edilib.
1995-ci ildə Rusiyada yaradılan və hər il keçirilən “Muzıkalnıy Olimp” Festivalında adətən klassik musiqi elitasının gənc nümayəndələri iştirak edir. Dünya klassik musiki tənqidçilərinin yüksək rəyini almış bu festival neçə ildir ki, beynəlxalq layihə kimi tanınır və musiqi sahəsində qloballaşmanın parlaq nümunəsinə çevrilib. Festivalın əsas məqsədi milli mənsubiyyətindən asılı olmayaraq peşkar və istedadlı gənc musiqiçilərin yaradıcılıq karyeralarına dəstək olmaqdır. Bu festivalda ancaq nüfuzlu beynəlxalq müsabiqələrin qalibləri iştirak edirlər. Festivalın 17 illik tarixi müddətində 40 ölkədən 400-dən artıq gənc ifaçılar iştirak etmişlər. Onlardan bir çoxu artıq beynəlxalq aləmdə tanınmış musiqiçilərdir, məsələn Nikolay Snayder, İlya Qrinqolts, Sayaka Sedzi, Eldar Nebolsin, Martin Frest, Marina Poplavskaya və b..