S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı Sankt-Peterburqa qastrola yola düşür. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə teatrdan məlumat verilib.
Belə ki, sentyabrın teatrın kollektivi 25-də V.F. Komissarjevski adına Sankt Peterburq Dövlət Akademik Dram Teatrında Azərbaycan dramaturqu M.F Axundzadənin komediyası əsasında “Müsyö Jordan, alim nəbatatçı və məşhur cadugər Məstəli Şah” tamaşası ilə çıxış edəcək. Rejissor – xalq artisti, teatrın baş rejissoru Aleksand Şarovskidir.
Qastrollar dahi Azərbaycan mütəfəkkiri, milli dramaturgiyanın banisi, görkəmli ictimai xadim və maarifçi Mirzə Fətəli Axundzadənin 200 illiyinə həsr olunub.
Sankt-Peterburqda qastrollardan sonra truppa Yaroslavlda keçiriləcək XIII Beynəlxalq Volkov festivalına yola düşəcək. Festival çərçivəsində sentyabrın 28-də Rusiyanın ilk teatrı olan F.Volkov adına Yaroslavl Dövlət Dram Teatrının səhnəsində A.Ostrovskinin pyesi əsasında “Qurdlar və qoyunlar” tamaşası göstəriləcək. Festivaldan sonra daha iki tamaşanın nümayişi olacaq. Sentyabrın 30-da ““Müsyö Jordan, alim nəbatatçı və məşhur cadugər Məstəli Şah” və oktyabrın 1-də - M.Zadornovun pyesi əsasında “Ər almaq istəyirəm” tamaşaları göstəriləcək.
Oktyabrın 3-də kollektiv Bakıya qayıdacaq. Okyabrın 7-dən 10-dək aktyorlar Azərbaycanın Belarusda mədəiyyət günlərində Minsk şəhərində çıxış edəcəklər. M.F Axundzadənin komediyası əsasında tamaşa oynanılacaq. Qastrollar Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçiriləcək.