Almaniyanın “E.ON Ruhrgas” şirkəti “Bakı və Abşeronun qaz təchizatı sisteminin reabilitasiyası" layihəsinin texniki-iqtisadi əsaslandırmasını hazırlayıb. Bu barədə SOCAR-ın məlumatında deyilir.
““E.ON Ruhrgas” şirkəti ötən cümə günü SOCAR-da “Bakı və Abşeronun qaz təchizatı sisteminin reabilitasiyası" layihəsinin texniki-iqtisadi əsaslandırmasının təqdimatını keçirib”, - deyə məlumatda bildirilir.
“Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyev qeyd edib ki, layihənin həyata keçirilməsi Bakı və Abşeron yarımadasında qaz təchizatı şəbəkəsinin hazırkı gücünü artıracaq.
Onun sözlərinə görə, layihə əhali və iqtisadiyyatın gələcək inkişafı ilə əlaqədar 2030-cu ilədək yaranacaq tələbatın ödənilməsi, istehlakçılarin təbii qazla fasiləsiz təmin edilməsi, qaz təsərrüfatı sisteminin etibarlılığının artırılması, təhlükəsizlik şərtlərinin Avropa standartlarına uyğunlaşdırılması və yüksəldilməsi, qaz itkisinin qarşısının alınması, tam və ya qismən avtomatlaşdırılmış sistemin layihələndirilməsi, monitorinq və nəzarət sisteminin beynəlxalq standartlar səviyyəsinə çatdırılması məqsədini daşıyır.
Təqdimatda texniki-iqtisadi əsaslandırmanın xülasəsi, nəticələri, eləcə də layihənin reallaşdırılması üçün müəyyən edilmiş mərhələlər əksini tapıb.
Xəbər verildiyi kimi, “Azəriqaz" 2013-cü ilin I yarısında "Bakı və Abşeronun qaz təchizatı sisteminin reabilitasiyası" layihəsinin həyata keçirilməsinə başlamağı planlaşdırır. Layihə üzrə işlər 3-4 il davam edəcək və 1 mlrd. avro dəyərində qiymətləndirilir. Layihə cəlb edilmiş vəsaitlər hesabına maliyyələşdiriləcək.