Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dəmir-beton məhsulların istehsalı və tikinti-quraşdırma işləri ilə məşğul olan “Gəncə Mənzil Tikinti” SC-nin səhmlərinin 99,96%-nin satışı üzrə təkrar investisiya müsabiqəsi elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ƏMDK-dan məlumat verilib.
1 348 054 səhmin satışı üzrə müsabiqədə həm yerli, həm də xarici investorlar iştirak edə bilər.
Müsabiqə iştirakçıları tərəfindən hazırlanan investisiya proqramında müəssisənin gələcək fəaliyyət növündən asılı olaraq yeni texnika və avadanlıqların alınması; müəssisənin ərazisinin abadlaşdırılması; yeni iş yerlərinin açılması və işçilərin sosial təminatına dair təkliflər nəzərdə tutulmalıdır. Bundan başqa, investisiya proqramına bu məqsədlər üçün investisiyaların həcmi və müddəti daxil edilməlidir.
Müsabiqənin qalibi səhmlərə görə dövlət büdcəsinə ən azı 850 min manat köçürməlidir.
Müsabiqənin qalibi ilə səhmlərin alqı-satqısı haqqında müqavilə müsabiqənin nəticələrinin təsdiq olunduğu andan etibarən 30 gündən gec olmayaraq imzalanmalıdır. Müqavilə imzalandıqdan sonra müsabiqənin qalibi bəyan edilmiş sərmayənin həcminin 5%-ni 60 gün ərzində SC-nin hesabına, səhmlərə görə müsabiqə təklifində nəzərdə tutulmuş vəsaiti dövlət büdcəsinə köçürməlidir.
Müsabiqə üzrə təkliflər 2012-ci il oktyabrın 1-dək qəbul ediləcək. Təkliflər oktyabrın 3-də qiymətləndiriləcək.
Xəbər verildiyi kimi, ƏMDK bu müəssisənin səhmlərini 3 dəfə - 2008, 2009 və 2010-cu illərdə investisiya müsabiqəsinə çıxarıb. Lakin alıcı tapmaq mümkün olmayıb.
“Gəncə Mənzil Tikinti” SC Gəncə şəhərində yerləşir. Müəssisə 1979-cu ildə istismara verilib. SC-də 4 nəfər çalışır.
2012-ci il avqustun 1-nə SC-nin öhdəlikləri 167,163 min manat təşkil edir. Müəssisənin debitor borcları 248,948 min manata bərabərdir.
2012-ci il avqustun 1-nə olan vəziyyətə görə, SC-nin nizamnamə kapitalı 2 mln. 697,092 min manat təşkil edir və nominal dəyəri 2 manat olan adi səhmlərə bölünüb.