Azərbaycan XİN may ayının əvvəlində İranda həbs edilmiş azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadənin azad olunması barədə xəbərləri təsdiqləyib.
Azərbaycan XİN-in mətbuat xidmətinin başçısı Elman Abdullayevin sözlərinə görə, İran tərəfi şairləri Azərbaycanın Təbrizdəki konsulluğuna təhvil verib. Hazırda konsulluq F.Hüseyn və Ş.Hacızadənin yaxın vaxtlarda vətənə qayıtması üçün sənədləşmə işləri ilə məşğuldur.
Azərbaycanlı şairlər F.Hüseyn və Ş.Hacızadə İrana Təbriz poeziya festivalında iştirak etmək üçün gedib və mayın 2-də həbs olunublar. İran KİV-in məlumatlarına əsasən, şairlər İrana qarşı casusluqda ittiham olunurdular. Lakin, rəsmi Tehran şairlərin həbs səbəbi ilə bağlı Bakıya heç bir açıqlama verməyib.
Eyni zamanda İranın vitse-spikeri Həsən Musəvi çərşənbə günü Azərbaycana gəlir. Telekanalın məlumatına əsasən, H.Musəvi respublika rəhbərliyi ilə danışıqlar aparacaq, Azərbaycan Prerzidentinə iranlı həmkarının məktubunu təqdim edəcək. Bundan əlavə, vitse-prezident sentyabrın 6-7-də Bakıda “ İpək yolunun tamı:kulinariya, mədəniyyət və turizm” mövzusunda beynəlxalq konfransda iştirak edəcək.