Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) missiyası çərşənbə axşamı “Əqli Mülkiyyət Hüquqlarının İdarəetmə Sisteminin Avtomatlaşdırılması” layihəsi çərçivəsində avadanlığın quraşdırılması üçün Bakıya gəlib. Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat veilib.
Koreyalı ekspertlər həmçinin azərbaycanlı mütəxəssislərlə bu avadanlığın sabit istifadəsinə dair bilik və texniki təcrübəsi ilə bölüşəcəklər.
Koreyalı ekspertlərin digər qruplarının Azərbaycan növbəti səfərləri sentyabr və noyabr ayına planlaşdırılıb.
“Əqli Mülkiyyət Hüquqlarının İdarəetmə Sisteminin Avtomatlaşdırılması” layihəsi SMPDK tərəfindən KOİCA-nın $4,2 mln. məbləğində ayırdığı qrant əsasında reallaşdırılır. Qrant verilməsi barədə saziş 2011-ci ilin noyabr ayında imzalanıb.
Layihə əqli mülkiyyət üzrə inzibati işlərin avtomatlaşdırılması üçün kompüterləşdirilmiş sistemin yaradılması, milli məlumat bazası toplusunun hazırlanması və Milli Rəqəmsal Əqli Mülkiyyət Kitabxanasının formalaşdırılması məqsədi daşıyır. Bunun üçün Koreya Respublikasında uğurlu iqtisadi nəticələr vermiş “KİPOnet” sistemin Azərbaycanda tətbiqi, Tədris Mərkəzinin yaradılması nəzərdə tutulub.
Layihə iki ilə nəzərdə tutulub. Layihə patent sisteminin tam elektronlaşdırılmasını, server, kompyuter və digər zəruri texniki avadanlıqlar və müvafiq proqramlarla təminatını, həmçinin Kağız formatında daşıyıcılardan e-idarəetmə sisteminə keçməklə əlaqədar infrastrukturun müasir texniki tələblərə uyğun vəziyyətə gətirilməsini nəzərdə tutur.