Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən iki kredit ittifaqının – “Sahibkar” və “Astara” kredit ittifaqlarının lisenziyası ləğv edilib. Bu barədə AMB-nin cümə axşamı dərc olunmuş məlumatında deyilir.
Sabirabad rayonunda fəaliyyət göstərən “Sahibkar” kredit ittifaqı 2007-ci il noyabrın 30-da lisenziya alıb. Lisenziyanın ləğvinə səbəb ittifaq tərəfindən təqdim edilmiş hesabatların saxtalaşdırılması, iqtisadi tənzimləmə normativlərinin mütəmadi olaraq pozulması və bu pozuntuların aradan qaldırılmaması olub.
Astara rayonunda fəaliyyət göstərən “Astara” kredit ittifaqı lisenziyanı 2011-ci il yanvarın 8-də alıb. Lisenziya ittifaq tərəfindən təqdim edilmiş hesabatların saxtalaşdırılması, iqtisadi tənzimləmə normativlərinin mütəmadi olaraq pozulması və bu pozuntuların aradan qaldırılmaması, eləcə də illik auditin yekunlarının AMB-yə təqdim olunmaması nəticəsində ləğv edilib.
Hər iki kredit ittifaqının lisenziyalarının ləğv edilməsi haqqında qərar müvafiq xəbərdarlıq mətbuatda dərc olunduqdan 10 gün sonra qüvvəyə minir.
Hər iki kredit ittifaqına ləğvetmə komissiyasının yaradılması tapşırılıb.
Xəbər verildiyi kimi, 2012-ci il iyulun əvvəlinə Azərbaycanda 103 kredit ittifaqı lisenziyaya malik olub.