Naxçıvanda Külüs-Keçili avtomobil yolu və Şahbuz rayonunun Şahbuzkənd ərazisindən keçən Keçili çayı üzərində salınan körpü istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılış mərasimində iştirak edib.
“Ölkədə ümummilli lider Heydər Əliyev kursunun uğurla davam etdirilməsi nəticəsində bütün sahələrdə yüksək inkişafa nail olunub.Bu inkişaf və sabitlik nəticəsində şəhərlərimizdə, kəndlərimizdə yeni sosial obyektlər tikilir, yaşayış məntəqələri abadlaşdırılır”,- deyə V.Talıbov körpünün açılış mərasimində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu kənddə yeni körpünün tikilməsi Muxtar Respublikada aparılan quruculuq işlərinin tərkib hissəsidir. MR –in rəhbəri qeyd edib ki, Muxtar Respublikanın digər bölgələrində olduğu kimi, Şahbuz rayonunun Şahbuzkənd, Külüs və Keçili kəndlərində də yeni kənd və xidmət mərkəzləri, məktəb binaları, həkim ambulatoriyaları tikilmiş, mənzillər təbii qaz və elektrik enerjisi ilə fasiləsiz təmin olunubmuş, telefonlaşdırılıb.
O söyləyib ki, əhalinin sosial problemlərinin həlli də diqqət mərkəzində saxlanılır, dövlətimiz tərəfindən kənd sakinlərinə təsərrüfatlarını genişləndirmək üçün kreditlər verillir. “Həyata keçirilən ardıcıl tədbirlər kəndlərdə insanların məskunlaşmasına, onların yaşayış səviyyəsinin yüksəldilməsinə şərait yaradılıb”,- deyə V.Talıbov əlavə edib.
Şahbuzkəndi iki yerə bölən Keçili cayının üzərində salınan körpünün uzunluğu 12 metr, eni 5 metr, yük götürmə qabiliyyəti 30 tondur.Yeni körpü nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinə və kənd camaatının rahatlığına xidmət edəcək.
Naxçıvan-Batabat magistralının Külüs və Keçili kəndlərini birləşdirən 18 kilometrlik hissəsi də təmir edilib, asfalt döşənib .Yolun hərəkət hissəsinin eni 7,2 m təşkil edir. Yolun çətin dağlıq ərazidən keçən hissələrində istinad divarları tikilib.
Həmin gün Naxçıvan MR-in rəhbəri Keçili kənd sakini, hərbi xidmət zamanı sağlamlığını itirmiş Nəzrəddin Zeynalovun ailəsi üçün tikilmiş yeni mənzilin istifadəyə verilməsi mərasimində də iştirak edib .Zeynalovlar ailəsi üçün tikilmiş iki otaqlı ev mebel, məişət əşyaları ilə təmin edilib, lazım olan bütün kommunal şərait yaradılıb, elektrik, qaz və su xətləri çəkilib.Evin ətrafı abadlaşdırılıb.