Bakı Qarabağ münaqişəsi üzrə danışıqları davam etdirəcək, lakin ATƏT-in Minsk qrupu status-kvonun dəyişdirilməsi üçün kəsərli səylər göstərməlidir. Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov belə hesab edir.
“ Biz torpaqlarımızın azad edilməsi ilə bağlı danışıqları davam etdirəcəyik”,- deyə o Lider teleşirkətinə bildirib.
Onun sözlərinə görə, regionda sülhün və sabitliyin bərqərar olmasının yeganə və əsas şərti Ermənistanın öz qoşunlarını Azərbaycanın işğal edilmiş ərazilərindən geri çəkməsidir və vasitəçi ölkələr buna nail olmaq üçün səy göstərməlidirlər.
“Əgər bu olmasa, tez və ya gec Azərbaycan müstəqil ölkə olaraq BMT-nin müvafiq maddəsinə əsasən, öz torpaqlarını azad etmək hüququna malikdir”,- deyə N.Məmmədov söyləyib.
Azərbaycan zabiti Ramil Səfərovun ekstradisiya və əfvi məsələsinə toxunan Administrasiya nümayəndəsi bu məsələnin siyasiləşdirilməsinə təəccübləndiyini bildirib.N.Məmmədov bu məsələdə xarici ölkələrdəki müəyyən dairələrin maraqlarının ermənilərin maraqları ilə üst-üstə düşdüyünü istisna etməyib. ”Yoxsa məsələnin bu cür siyasiləşdirilməsinə lüzum qalmazdı”,- deyə o əlavə edib.
Bununla yanaşı N.Məmmədov ASALA təşkilatının Macarıstandakı diplomatların ünvanına göndərilən hədələrini Ermənistanın terrorçu mahiyyətinin sübutu kimi qiymətləndirib.
Onun sözlərinə görə, ASALA adından Azərbaycanın Macarıstandakı səfirliyinə göndərilən xəbərdarlıq özlüyündə erməni terroru barədə açıqca məlumat verən sənəddir.
“Təəssüf ki, Qərb həmişə erməni terrorçularını dəstəkləyib, onları həmişə müxtəlif üsullarla müdafiə edib.Yəqin buna görə erməni terrorizminin ömrü bu qədər uzundur”,- deyə N.Məmmədov bildirib.